Son illər Azərbaycan səhiyyə sistemində aparılan struktur islahatları fonunda həkimlərin əmək hüquqları ilə bağlı şikayətlərin artması diqqətdən yayınmır.
Xüsusilə Səhiyyə Nazirliyi ilə TƏBİB arasında səlahiyyət bölgüsünün qeyri-müəyyənliyi praktikada ciddi problemlər yaradıb.
Bu institusional ziddiyyətin ən ağır nəticəsini isə birbaşa səhiyyə işçiləri – həkimlər və orta tibb personalı yaşayır.
Məsələ təkcə əməkhaqqı əlavələrinin ödənilməməsi ilə məhdudlaşmır. Problem daha dərindir və sistem xarakteri daşıyır.
Dövlət tibb müəssisələrində çalışan həkimlər bir tərəfdən Səhiyyə Nazirliyinin normativ aktlarına, digər tərəfdən isə TƏBİB-in daxili idarəetmə mexanizmlərinə tabe edilir. Nəticədə həkim faktiki olaraq iki fərqli strukturun məsuliyyətsiz “ortaq subyekti”nə çevrilir. Əmək müqavilələrinin icrası, vəzifə təlimatları, maaş əlavələri, hətta intizam tədbirləri belə bu iki qurum arasında ötürülür və konkret cavabdeh müəyyən edilmir.
Ən çox narahatlıq doğuran məqam isə əmək hüquqlarını tələb edən həkimlərin təzyiqlərlə üzləşməsidir.
Hüquqi mexanizmlərdən istifadə edərək rəsmi müraciətlər edən tibb işçilərinin işdən azad edilməsi, süni intizam cəzaları ilə üzləşdirilməsi və ya psixoloji basqıya məruz qalması artıq istisna deyil, tendensiyadır. Bu vəziyyət həkimlərin susmağa məcbur edilməsinə, hüquqlarının isə kağız üzərində qalmasına gətirib çıxarır.
Natiq Ələsgərov
Mövzu ilə bağlı “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov NOCOMMENT.az-a bildirib ki, mövcud vəziyyət birbaşa Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinin pozulmasıdır.
Onun sözlərinə görə, dövlət müəssisəsində çalışan işçinin hansı quruma tabe olmasından asılı olmayaraq, əmək müqaviləsində göstərilən şərtlər dəyişdirilə bilməz və işçi hüquqlarını tələb etdiyinə görə cəzalandırıla bilməz:
“Həkimin əmək hüquqlarını müdafiə etməsi Konstitusiya ilə təmin olunmuş hüquqdur. İşçinin şikayət etdiyi üçün işdən çıxarılması və ya təzyiqə məruz qalması açıq şəkildə qanunsuzdur. Bu halda həm müəssisə rəhbərliyi, həm də nəzarət funksiyasını yerinə yetirməyən aidiyyəti dövlət qurumları məsuliyyət daşıyır. Təəssüf ki, praktikada həmkarlar ittifaqları da real müdafiə funksiyasını yerinə yetirmir və bu, işçini tam hüquqi boşluqda qoyur.”
Hüquqşünasın fikrincə, problemin kökündə idarəetmənin parçalanması dayanır:
“Səhiyyə sistemi daxilində vahid məsuliyyət mərkəzinin olmaması, eyni iş sahəsinə bir neçə elektron platformanın nəzarət etməsi və bu sistemlərin inteqrasiya edilməməsi həm həkimlər, həm də pasiyentlər üçün əlavə yük yaradır. Bir işçi maaş əlavəsi ilə bağlı müraciət etdikdə bir qurum onu digərinə yönləndirir və proses faktiki olaraq dalana dirənir.
Bu vəziyyət təkcə əmək hüquqlarının pozulması deyil, eyni zamanda səhiyyə sisteminin davamlılığı üçün riskdir.
Hüquqları qorunmayan, psixoloji və sosial təzyiq altında çalışan həkimdən keyfiyyətli tibbi xidmət gözləmək mümkün deyil. Uzunmüddətli perspektivdə bu, peşəkar kadrların dövlət səhiyyəsindən uzaqlaşmasına, sistemin isə zəifləməsinə gətirib çıxarır”.