Prezident İlham Əliyevin dövlət idarəetməsində əsas prinsipi xalqa xidmət olub.
Oxu24.com xəbər verir ki, xalqın xidmətində dayanan dövlət başçısı hər zaman bəyan edib ki, Prezident başda olmaqla bütün dövlət məmurları xalqın xidmətçisidir:
“Məhz buna görə biz bu vəzifədəyik. Buna görə xalq mənə etibar edib və mən təyin etdiyim bütün kadrlardan bunu tələb edirəm”.
Bu tələbə əməl edənlər – Prezidentin etimadını xalqa xidmət missiyası olaraq görən məmurlar hər zaman dövlət tərəfindən qiymətləndirilib. Vəzifəsindən şəxsi maraqları üçün istifadə edən məmurlar isə dərhal Prezidentin etimadından məhrum olublar və törətdikləri əməllərə görə qanun qarşısında cavab veriblər.
Bu, dövlət idarəetməsinin dəyişməyən qaydasıdır. Çünki Azərbaycanda hər kəs qanun qarşısında bərabərdir, heç kim qanundan üstün ola bilməz. Prezident İlham Əliyev də dəfələrlə çıxışlarında bəyan edib ki, heç kim qanundan üstün deyil, heç kim üçün heç bir xüsusi status, heç bir imtiyaz yoxdur.
Özünü qanundan üstün və “imtiyazlı” hesab edən korrupsiyalaşmış məmurların cəzalandırılması bunun əyani nümunəsidir. Cənab Prezident tərəfindən korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizənin nəticəsidir ki, ölkədə bu cür halların qarşısı qətiyyətlə alınır. Təsadüfi deyil ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatların da hesabatlarında təqdir olunur. Prezident İlham Əliyevin 4 aprel 2022-ci il tarixli sərəncamı ilə qəbul olunmuş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”, eləcə də 2024-cü ilin 1 yanvar tarixində qüvvəyə minən “Dövlət satınalmaları haqqında” qanun antikorrupsiya və şəffaflığın təmin edilməsində mühüm addım kimi qiymətləndirilir. İndiyə qədər korrupsiyaya bulaşmış məmurlar ya qanun qarşısına çıxarılıb, ya da vəzifəsindən uzaqlaşdırılıb.
Sirr deyil ki, Azərbaycanda özünü toxunulmaz hesab edən “oliqarx məmur”lar mövcud olub. Korrupsiyalaşmış belə məmurlar dövlət siyasətinin əsas prioriteti olan sosial ədalət prinsipinin pozulması, vətəndaşların dövlətdən narazı salınması əməllərinə yol veriblər.
Prezident İlham Əliyev noyabrın 12-də Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən bu məsələyə xüsusilə toxundu. Dövlət başçısı bəyan etdi ki, vaxtilə bölgələrimizdə proseslərin mənfi istiqamətdə getməsinin səbəbi də məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri və tapşırıqları idi: “Artıq o məmurlardan, necə deyərlər, əsər-əlamət qalmayıb. Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində vəziyyət böyük dərəcədə sağlamlaşdırılıb. Ona görə mən tam əminəm ki, bundan sonra mərkəzdən sizə hansısa bir qanunsuz tapşırıq verilməyəcək”.
Prezident vurğuladı ki, vaxtilə belə hallar olub və bu qanunsuz tapşırıqları verən, qanunsuz varlanmanı özləri üçün əsas məqsəd hesab edən məmurlar bu gün məhkəmə qarşısında cavab verirlər.
“Bir çox hallarda torpaqlardan səmərəsiz istifadə edilməsi halları olub, torpaqlar zəbt edilib, torpaqların kateqoriyaları dəyişdirilib. Əkin-biçin üçün yararlı olan torpaqlarda bəzi məmurlar özləri üçün imarətlər inşa ediblər və əlbəttə ki, bütün bunlar qanunsuz hərəkətlərdir. Ancaq mən onu da bilirəm ki, yerlərdəki bəzi məmurlar məcbur olub o qanunsuz hərəkətləri icra ediblər. Onların, əlbəttə ki, üzərinə düşən məsuliyyət tamamilə başqa yanaşmanı tələb edirdi. Ancaq, eyni zamanda, o da həqiqətdir ki, bəzi hallarda bax, bu qanunsuz əməllərin təməlində harınlamış, acgöz, gözü doymayan mərkəzdə oturan məmurların göstərişləri olub. Amma yenə də deyirəm, sağlamlaşdırma və təmizləmə siyasəti nəticəsində artıq əminəm ki, sizə heç kim qanunsuz tapşırıq verməyəcək. Əgər kimsə bu tapşırığı verərsə, onda dərhal mənə məlumat verin və o adamlar haqqında ciddi ölçülər götürüləcək”, - dövlət başçısı xəbərdarlıq etdi.
Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, vaxtilə özünü qanundan üstün tutan məmurlardan artıq əsər-əlamət qalmayıb.