Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu Publik Hüquqi Şəxsdə həkim radioloq vəzifəsində işləyən Ramil Abdullayev rəhbərlik tərəfindən təzyiq və qanunsuz tələblərlə üzləşdiyini iddia edir.
KONKRET.az-ın redaksiyasına müraciət edən həkimin sözlərinə görə, 2 iyul 2019-cu ildən etibarən sözügedən institutda radioloq vəzifəsində çalışır.
O, son bir neçə ay ərzində institutun direktoru Mətanət Əfəndiyeva tərəfindən təzyiq və təhdidlərə məruz qaldığını deyir. Həkim iddia edir ki, direktor ondan icbari tibbi sığorta xətti ilə aldığı bonusların yarısını tələb edib və bu təkliflə razılaşmadığına görə rəhbərlik tərəfindən fəaliyyətinə məhdudiyyət qoyulub.
Şikayətçinin sözlərinə görə, o, xəstəxanada yeganə rentgenoloq olduğu üçün gün ərzində xeyli sayda xəstə qəbul edib və buna görə maaşdan əlavə bonus alıb. Direktorun “bonus təklifi”ndən imtina etdikdən sonra isə ona gündə 25-dən artıq müayinə aparmaq qadağan edilib. Belə ki, iş vaxtı bitmədiyi halda xəstələrə talon verilməyib və
pasient qəbuluna qadağa qoyulub.
Ramil Abdullayev qeyd edir ki, cari ilin oktyabr ayında məzuniyyətdə olduğu müddətdə direktor tərəfindən əlavə rentgenoloq ştatı açılıb və saxta müsabiqə yolu ilə yeni həkim işə götürülüb. İddiaya əsasən, müsabiqədə təcrübəli namizədlər iştirak etsə də, radiologiya şöbəsinin müdiri Şəfiqə Əliyevanın yaxın rəfiqəsi işə qəbul edilib.
Şikayətdə qeyd olunur ki, 26 noyabr 2025-ci il tarixində həkim radiasiya təhlükəsizliyinə cavabdeh şəxs statusundan azad edilməsi ilə bağlı direktora ərizə ünvanlayıb. Ekspert komissiyası onun xeyrinə qərar qəbul etsə də, direktor müvafiq sərəncam verməkdən imtina edib. Daha sonra 15 dekabr 2025-ci il tarixində həkimin iştirakı olmadan qanunsuz iclas keçirildiyi və rəsmi sənədin saxtalaşdırıldığı iddia olunur.
Bununla yanaşı, direktorun institut üçün nəzərdə tutulan vəsaitləri şişirdilmiş qiymətlərlə xərclədiyi, saxta tenderlər keçirdiyi də iddialar sırasında yer alır. Həkim bildirir ki, 2019-cu ildən etibarən o, rentgen texniki olmadan çalışıb, texnikin funksiyalarını da özü icra edib və bu barədə müraciətlərinə baxmayaraq, işçi təyin edilməyib.