Globalinfo.az Milli Məclisin deputatı Fazil Mustafa ilə müsahibəni təqdim edir:
– Fazil bəy, ölkədə xüsusi karantin rejimi aprelin 1-nə qədər uzadılıb. Bu da quru sərhədlərin həmin tarixədək bağlı qalması deməkdir. Azərbaycan üçün hələ də hansısa təhlükələr mövcuddurmu?
– Təhlükəsizliklə bağlı məsələ olduğu üçün quru sərhədlər bağlı saxlanılır. Hökumətin bu mövzuda daha geniş informasiyası var və bəzi məsələlərin açıqlanması çətindir. Görünür, əldə olunan məlumatlar hökuməti bu addımı atmağa vadar edir. Hansı hökumət sərhədlərin bağlı qalmasını istər? Bu, turizmin inkişafına da mənfi təsir göstərir. Amma məcburiyyət diktə edir ki, sərhədlər müəyyən müddət bağlı qalsın. Bu məsələyə mənfəət və təhlükəsizlik dilemması prizmasından baxmaq lazımdır. Hamımız sərhədlərin açılmasını, turizmin inkişafını, vətəndaşların əlavə xərclərlə üzləşməməsini istəyirik. Xəstələr, tələbələr bundan daha çox əziyyət çəkirlər. Amma ölkədə başlıca məsələ təhlükəsizliyin təmin olunmasıdır.
– Təhlükələrdən danışmışkən, qonşu ölkələr İran və Rusiya Azərbaycanın da dəstəklədiyi TRİPP dəhlizinin açılmasına qarşı olduqlarını bəyan ediblər. Bunu milli maraqlarına zidd hesab etdiklərini bildirirlər.
– Zəngəzur dəhlizi nə Rusiyanın, nə də İranın problemidir. Bu, Azərbaycan və Ermənistan arasında həll olunmalı məsələdir. ABŞ-ın bu layihəyə birmənalı dəstəyi var. Əgər mane olmağa çalışsalar, birbaşa ABŞ-la üz-üzə qalacaqlar. Ona görə də bu prosesə hansısa bəhanələrlə qarşı çıxmaları ciddi qəbul edilə bilməz.
İran nəyə etiraz edir? İranla ayrıca yolumuz var və ondan istifadə edirik. Əməkdaşlığın bütün parametrlərini həyata keçirməyə hazır olduğumuzu da göstəririk. Tehran nə edəcək – Azərbaycana bu layihədən imtina etməyi tapşıracaq, yoxsa Ermənistana yolu açmamağı deyəcək? Heç bir ölkənin bu istiqamətdə bizə təsir göstərmək və ya mane olmaq potensialı yoxdur.
Bu dəhliz Rusiyanın və İranın maraqlarına uyğundur. Sadəcə, bölgədə söz sahibi olduqlarını nümayiş etdirmək üçün verilən bu cür sərt bəyanatlar əslində onların özlərinə zərər vurur. Çünki qərarverici tərəflər iki dövlətdir: Azərbaycan və Ermənistan. Çin də bu layihəni dəstəkləyir. Kommunikasiya xətlərinə qarşı mənfi münasibət həmin ölkələri çətin vəziyyətdə qoyur.
Vaxtilə Ermənistana dəstək verən İranın hansı nəticə “əldə etdiyini” xatırlamaq kifayətdir. Öz seçimlərinin yanlış olduğunu gördülər. Rusiya və İranın kifayət qədər daxili problemləri var. Bunu rəsmi səviyyədə özləri də etiraf ediblər. Başqa ölkələrin iqtisadi əməkdaşlıq və rifah yolunda irəliləməsinə mane olmaq qəbuledilməzdir.